Vətəndaşların pozulan haqqı və artan etiraz: Həll yolu nə vaxt olacaq?

Ötən il sentyabrın 12-də Prezident İlham Əliyev tərəfindən özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinə (KM) 1483 saylı qeydiyyatla məktub daxil olub. Avqustun 18-də isə Prezident Administrasiyasından KM-ə 1518 saylı qeydiyyatla və eyni məzmunlu məktub daxil olmuşdu. Lakin ötən il KM-in məsələyə baxacağı və ədalətli qərar qəbul edəcəyi gözlənilsə də, KM Palatası işə baxmaqdan imtina qərarı çıxardı. Bu qərar isə haqqı tapdanmış vətəndaşlar tərəfindən narazılıqla qarşılandı. Ona görə də özəlləşdirmə çekləri ilə bağlı hüquqları əllərindən alınmış vətəndaşlar bu il prezidentliyə namizədlərə müraciət ünvanlamışdılar.

Konstitusiya Məhkəməsinin və Prezidentin nəzarətində olan AAK-nın Konstitusiya və Mülki hüquq üzrə EKSPERTLƏRİ OLAN HÜQUQŞÜNAS ALİMLƏRİN VideoMüraciəti:

Vətəndaşların müraciətlərini diqqətə alan bəzi namizədlər debatlarda bu problemi qabardaraq vətəndaşların haqqını müdafiə etdilər.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri, prezidentliyə namizəd olmuş Elşad Musayev çıxışı zamanı bildirmişdi ki, özəlləşdirmə çekləri ilə bağlı problem daxili siyasətin bir parçasıdır. Ona görə də məlum problemin aradan qaldırılması zəruridir. Bu addım sosial siyasətə də müsbət təsir edəcək:

“Ölkənin xarici siyasəti ilə daxili siyasəti bir-birini tamamlamalıdır. Daxili siyasət elə formada qurulmalıdır ki, Azərbaycanı istəməyən hansısa qüvvələrin əlinə fürsət düşməsin. Bu gün özəlləşdirmə çekləri ilə bağlı insanların narazılıqları var. Həmin şəxslər 1.6 milyon payın hələ də havada qaldığını bildirirlər. Azərbaycanda xüsusi mülkiyyətə qarşı bir qərəzli münasibət var”.

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat, prezidentliyə namizəd olmuş Razi Nurullayev isə vurğulamışdı ki, çeklərin yenidən dövriyyəyə buraxılması tapdanan haqqların bərpa olunmasına və sosial ədalətsizliyin aradan qalxmasına təkan verəcək:

“Özəlləşdirmə çekləri problemi milli və təhlükəsizlik məsələsidir. Bu gün 1 milyon 600 mindən çox özəlləşdirmə çekləri insanların əllərindədir. Proses çox gözəl başlamışdı. İnsanlarımız payçıya, mülkiyyətçiyə çevrilmək hüququ əldə etmişdilər. Lakin prosesin icrası zamanı insanlarımız özəlləşdirmə çeklərinin xeyrini görə bilmədilər. Bu çeklər ayrı-ayrı şəxslər tərəfindən öz xeyirlərinə həll olundu. Bu, haqsızlıqdır. Ona görə də özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılmasına ehtiyac var. Payçılar haqq etdikləri ödənişləri əldə etməlidirlər. Bu sahədə olan ədalətsizliyi birmənalı olaraq dəstəkləmirəm”.

Bötüv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat, hüquqşünas, prezidentliyə namizəd olmuş Qüdrət Həsənquliyev qeyd edib ki, özəlləşdirmədə vaxtilə vətəndaşlara verilmiş qiymətli kağızlardan da istifadə edilməlidir:

“Bu gün yüzminlərlə vətəndaş tarixi ədalətin bərpasını gözləyir. Çünki özəlləşdirmə çekləri onlara müddətsiz verilib. Sonradan tədavül müddətinin dayandırılması qərarı doğru deyildi. Bütün hallarda vətəndaşlara dəyən zərər qarşılanmalıdır. Problem vətəndaşın hüquqlarının qorunması yolu ilə öz həllini tapmalıdır”.

QEYD:

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

QEYD: Bütün hüquqi faktlarla bu Linkdən tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133/

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir