“Azərbaycan” qəzetinin səhifələrində təhsil mövzusu (1918-1920)


Namiq Bağırlı

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı

Amerikalı jurnalist, və araşdırmaçı Sidney Harris təhsillə bağlı deyirdi: “Təhsil həyatı anlamağın açarıdır, təhsilin məqsədi güzgüləri pəncərələrə çevirməkdir”. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən böyük əhəmiyyət verdiyi sahələrdən biri də xalqın maariflənməsi, gənclərin təhsil almağına dəstək olmaq idi. Cümhuriyyətin qurucuları yaxşı dərk edirdilər ki, təhsil xalqın və dövlətin taleyində ciddi əhəmiyyət daşıyır. Hələ vaxtilə M.Ə.Rəsulzadə elmsizliyi, savadsızlığı “böyük və dəvası tapılmayan dərd” hesab edir, “bir millətin millət kimi formalaşması üçün onun elmi, təhsili və mədəniyyəti olmalıdır” söyləyirdi.

Xalq təhsili və maarifləndirmə üzrə ilk nazirlik – Azərbaycanda Xalq Maarifi Nazirliyi 1918-ci ildə may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən təsis olunmuşdur. Nazirlər Şurasının qərarı ilə 30 iyun 1918-ci ildə üç şöbədən ibarət strukturu təsdiq edilib. Maarif naziri isə sonradan AXC hökumət başçısı olan Nəsib bəy Usubəyov olub. Xalq təhsili sahəsində ilk önəmli tədbir məktəblərin milliləşdirilməsi oldu, bu, təhsilin doğma Azərbaycan türk dilinə keçirilməsi idi. Bununla da ilk dəfə olaraq azərbaycanlı uşaqların doğma dildə təhsil alma hüququ qanuniləşdirildi. Xalq Maarifi Nazirliyi 1919-20-ci il tədris ilinin əvvəlindən Ali ibtidai məktəblərin bütün siniflərinin və orta tədris məktəblərinin üç sinifinin milliləşdirilməsini qərara aldı. 1918-ci il 7 sentyabr fərmanı ilə bütün Ali ibtidai məktəblərdə qeyri-müsəlman tələbələr üçün dini və onların ana dili tədrisi tətbiq olunub. Bu təlimlərin tədrisi üzrə xərcləri dövlət öz üzərinə götürmüşdür.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Tiflisdən Gəncəyə köçürüldükdən sonra 30 iyun tarixində Hökumətin qərarı nazirliyin XMN-nə ştat cədvəlini müəyyənləşdirmək və Əsasnaməsini hazırlayıb Hökumətə təqdim etmək tapşırığı verilmişdir. 1918-ci il avqustun 2-də Xalq maarifi naziri tərəfindən hazırlanmış Əsasnamə baxılmaq və təsdiq olunmaq üçün Hökumətə təqdim edildi. Əsasnaməyə görə, XMN-nin ştatı nazirdən, nazir müavinindən, naziryanı şuradan, məktəbləri idarə etmək üçün ali və orta təhsil, ixtisas təhsili sahələri üzrə üç şöbədən ibarət təsdiq edildi.

Xalq Cümhuriyyətinin fəaliyyətə başladığı dövrdə azərbaycanlılarla bərabər digər xalqlara öz ana ilində təhsil almaq, öz məktəblərində dərliklər tərtib etmək hüuququ verilirdi. Xalq maarif naziri yəhudi məktəblərinin rəhbəri Y.Baysband və F.Şapiroyanın təşkil etdikləri, yəhudi xalqının tarixi və yəhudi ədəbiyyatının tarixi kurslarına dinləyiciləri yazdırmağa icazə verdi. Dərslər 20 oktyabr 1918-ci ildə başlayırdı. 1918-ci ilin oktyabr ayında Yəhudi Milli Şurasının nəzdində fəaliyyət göstərən məktəblərdə 700 nəfər təhsil alır, 24 müəllim çalışırdı. Azərbaycan dövləti tərəfindən alman koloniyalarında fəaliyyət göstərən məktəblər də dəstəklənirdi.
Sözügedən dövrdə Bakıda məktəb binaları dəhşətli vəziyyətdə idi. Onların çoxu ya tamamilə dağıdılmış, ya da əsaslı təmir tələb olunacaq qədər bərbad idi. Hökumət Bakı şəhər məktəblərində məktəb-sanitar nəzarətinin təşkil edilməsi üçün müəyyən qədər vəsait ayırmışdır.

Xalq maarifi naziri N.Yusifbəyli 1918-ci il dekabrın 31-də Azərbaycan qubernatorlarına göndərdiyi məktubda göstərirdi ki, maarif sahəsində qarşıda çox böyük və çətin vəzifələr durur. Nazirlik yeni məktəblər, müəllim kursları açmaqla, təhsil sahəsində ölkəni mümkün qədər qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün bütün qüvvələri səfərbərliyə aldı. Məktubda qeyd edilirdi ki, indiki zamanda yalnız yüksək maarifə malik olan xalq tərəqqi edə bilər. Cümhuriyyət Hökumətinin təhsil sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi.

“Azərbaycan” qəzetinin 1918-ci il 1 noyabr tarixli 28 nömrəli buraxılışında qeyd olunur ki, hökumətin 29-cu Şəhri-həzir tarixli qərarında əsas diqqət xaricdə təhsil almağı planlaşdıran azərbaycanlı tələbələrin maliyyə dəstəyinə yönəlib. Uyğun gələn tələbələr maliyyə yardımı almaq üçün imkanlarını sübut etməli, təsdiq almalı və Daxili Nəzarət ilə müqavilə bağlamalıdırlar. Bundan əlavə, Azərbaycanda qalan tələbələr hərbi öhdəliyini yerinə yetirməzdən əvvəl təlim düşərgəsində iştirak etmək üçün göndərilir, tələb olunan kursları bitirənlər üçün isə noyabr ayına qədər təxirə salınması nəzərdə tutulur.

Qeyd olunan dövrdə Azərbaycandan bir sıra tələbələr təhsil almaq üçün xaricə göndərilirdi. Bir sıra uğurlar əldə olunsa da, bəzi tələbələr çətinliklərlə üzləşirdi. Məsələn, “Azərbaycan” qəzetinin 1918-ci il 17 noyabr tarixli 42-ci buraxılışda qeyd olunur ki, tǝlǝbǝ Hǝbib Babazadǝ “Ukraynada tələbələrimizin halı” adlı məqaləsində xaricdə, xüsusən də Rusiya və Ukraynada təhsil alan müsəlman tələbələrin üzləşdiyi çətin vəziyyətdən bəhs edir. Bu çətinliklərə müharibənin nəticələri, oradakı insanlarla ünsiyyət problemləri və maliyyə mübarizəsi daxildir. Yazar bu tələbələrin çətinliklərini aradan qaldırmaq üçün həm yerli, həm də vətəndən müsəlman icmasının dəstəyinin vacibliyini vurğulayır. Yazıçı hər bir müsəlmana müraciət edərək bu tələbələrin təcili ehtiyaclarını qarşılamağı bir vətəndaş borcu hesab edir.

Azərbaycan Cümhuriyyəti Hökumətinin və Xalq Maarifı Nazirliyinin təhsil sahəsində qarşısında duran ən ümdə vəzifələrdən biri də ölkədə ali təhsilin təşkili və ali təhsilli kadrların hazırlanması idi. Cümhuriyyət Hökumətinin fəaliyyət göstərdiyi qısa müddətdə Azərbaycanda üç ali təhsil ocağının – Bakı Dövlət Universitetinin, Əkinçilik İnstitutunun və Dövlət Konservatoriyasının təsis edilməsi barədə məsələ qaldırılmışdı. Onlardan yalnız birini – Bakı Dövlət Universitetinin açılmasını reallaşdırmaq mümkün oldu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də “Bakı Dövlət Universitetinin təsisi haqqında” qanun qəbul etdi. 1919-cu il noyabrın 15-də Bakı Dövlət Universitetinin auditoriyalarında ilk mühazirələr oxundu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarı əsasında XMN-nin xətti ilə 100 nəfər azərbaycanlı gənc dövlət hesabına xarici ölkələrin ali məktəblərində təhsil almağa göndərilmişdir.

Cümhuriyyət Hökumətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də məhz yaşlıların savadlandırılması idi. Bu məqsədlə 1919-cu ilin noyabrından Bakıda azərbaycanlı fəhlələr üçün texniki axşam kursları açıldı. Bu kurslarda 200 nəfərə yaxın azərbaycanlı fəhlə peşə təhsilini alırdı. Xalq Maarifi Nazirliyi bu kursların işinə yaxından kömək göstərirdi. Azərbaycan Cümhuriyyəti Xalq Maarifi Nazirliyi ölkədə maarifin inkişafi üçün geniş tədbirlər planı hazırlamış, həmin plan Azərbaycan Hökuməti tərəfindən bəyənilmiş və onun həyata keçirilməsinə razılıq verilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin hakimiyyətdə olduğu cəmi 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində həyata keçirdiyi tədbirlər sonralar Azərbaycanda xalq maarifinin təşkili və inkişafına əhəmiyyətli dərəcədə köməklik göstərdi.
Azərbaycanın qəzalarında yaşayan sakinlərin təhsil alması da öndə duran problemlərdən biri idi. Bu məqsədlə 1919-cu il sentyabrın 15-dən Gəncə, Şuşa, Şəki, Zaqatala və Qazaxda yaşlılar üçün Azərbaycan dilini öyrədən xüsusi kurslar açıldı.

Həmin dövrdə Azərbaycanda 666 məktəb mövcud idi ki, bunlardan 54-ü Quba qəzasının payına düşürdü. Xalq təhsilini milli zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrlarına və dərs vəsaitlərinə böyük ehtiyac var idi. Maarif Nazirliyinin xüsusi göstərişi ilə qəza müfəttişləri məktəblərin təmiri və tikilməsi, dağıdılmış məktəblərin yenidən bərpası, həmçinin onların dərs ləvazimatı ilə təmin edilməsi məqsədilə tələb olunan vəsait haqqında məlumatlar təqdim edirdilər.
Ümummilli lider Heydər Əliyevin də söylədiyi kimi, bugünkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir, belə ki, təməli o zamanlarda qoyulmuş Azərbaycan təhsili Müzəffər Ali Baş Komandan tərəfindən bu gün də uğurla davam etdirilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir