Qərb Armen Qriqoryanı Paşinyanın yerinə hazırlayır – ŞƏRH

Bir müddətdir Ermənistan mətbuatında və siyasi kulislərində Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanın baş nazir postuna hazırlandığı barədə iddialar səsləndirilir. Ötən ildən başlayan bu məsələ son günlər yeni fazaya qədəm qoyub. TŞ katibinin Qərblə birbaşa təmaslarının artması, bu məsələdə müstəqil hərəkət etməsi artıq Nikol Paşinyanı da narahat etməyə başlayıb.

Əslən Qarabağ ermənisi olan və 1983-cü ildə Ağdərə rayonunda anadan olan Qriqoryanın bu fəallığı əbəs deyil. Məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Birincisi, 2018-ci ildə Soros fondunun dəstəyi ilə hakimiyyəti ələ alan Paşinyanın silahdaşı sayılan Armen özü də sırf qərbyönümlü siyasətçidir. Təsadüfi deyil ki, Rusiya ilə münasibətlərin korlanmasında onun danılmaz rolu var və silsilə olaraq Moskva əleyhinə bəyanatlar səsləndirməklə yanaşı, Ermənistanın KTMT-dən çıxması ilə bağlı fikir də məhz ona məxsusdur. Bu, onun hansı qüvvələr tərəfindən vəzifəyə oturdulmasını göz önünə gətirdiyi kimi, sifarişin də Qərbdən olması mümkünlüyünü möhkəmləndirir.

İkincisi, yuxarıda da qeyd etdiyimiz kimi, Armen əslən Qarabağ ermənisidir və hazırda Ermənistana könüllü surətdə köçən qarabağlılardan güc və dəstək alması sirr deyil. Ssenarilərdə Qarabağ ermənilərinin Qriqoryan ətrafında birləşəcəyi də mümkün ehtimal kimi dəyərləndirilir.

Üçüncüsü, son dövrlər hakim partiyanın deputatları ilə münasibəti gərginləşən katib siyasi komandadan ayrılıb və təkbaşına fiqur olmaq qərarına gəlib. Bununla yanaşı, artıq Qərbin müəyyən kulislərində də Armen qəbul edilir və Paşinyanın varisi sayılır. Bu səbəbdən də baş nazirin Qərbin tələblərini yerinə yetirməməsi və Rusiya ilə münasibətləri yaxşılaşdırmaq yolunda addım atması vəziyyətində ölkə rəhbərliyinə gətiriləcəyi barədə artıq söhbətlər dolaşır. Sırf qərböyünümlü olan Qriqoryanın isə Qərbin siyasi maraqlarını qoruyacağı, bütün sifarişləri can-başla yerinə yetirəcəyi gün kimi aydındır.

Qriqoryanın siyasi karyerası

2018-ci ilin “məxməri” inqlabı Ermənistanda Serj Sarkisyanın devrilməsi, yeni hökumətin qurulması ilə nəticələndi. Sorosun dəstəyi ilə çiynində çanta baş nazir postuna əyləşən Nikol Paşinyan 35 yaşlı Armeni TŞ katibi təyin etdi. Bu isə o dövrdə erməni cəmiyyətində çaşqınlığa səbəb olmuşdu. “Transparency International” qeyri-hökumət beynəlxalq təşkilatının eksperti, “Serji rədd et” hərəkatının koordinatoru olan Armen bu posta konkret olaraq uyğun namizəd deyildi. Görünür, bu təyinatda da Qərbdən olan havadarları katibin imdadına yetişmişdi. Yeni təyin edilən şəxsin müdafiə və təhlükəsizlik sahəsində heç bir təcrübəsi yox idi. Bununla belə, 2021-ci ildə Qriqoryan sərəncamla XİN müavini təyin edilsə də, qısa müddət sonra yenidən TŞ katibi postuna təyin edildi. Erməni siyasi kulislərində gəzən söhbətə görə isə Qərb elə ilk gündən Armeni bu posta uyğun gördüyü üçün XİN müavini postuna təyinatla bağlı Paşinyana kiçik “qulaqburma” da verib.

Qərbin adamı

Təhlükəsizlik Şurasının katibi kimi fəaliyyətə başlayan Qriqoryan ilk günlərdən kimin adamı olduğunu atdığı addımlarla biruzə verməyə başlamışdı. O, gah ABŞ-yə səfər edərək ikitərəfli münasibətləri müzakirə edir, gah Britaniyaya uçur, gah da Avropanın müxtəlif siyasi mərkəzlərini gəzirdi. Hətta sırf statistik rəqəmlərə baxsaq, Ermənistanın siyasi elitası arasında Qərbə ən çox səfər edən şəxs məhz elə TŞ katibidir və o, bu məsələdə baş naziri də üstələyir. Qeyd etmək yerinə düşər ki, Avropa və Qərbdən İrəvana səfər edən istənilən qonaq Qriqoryanla görüşmədən hava limanına getmir. O, Qərbə səfərləri zamanı mühüm məsələləri müzakirə edir. Bütün bunlar onu göstərir ki, Qərbdə – ABŞ-də, Aİ-də və Londonda ona güvənir, onu Ermənistanda öz siyasi xəttini təbliğ etməyə hazır bir dayaq və fiqur hesab edirlər.

Ermənistan Təhlükəsizlik Şurasının katibi ötən il İrana səfər edib, orada kifayət qədər mühüm məsələləri müzakirə ediblər. Bu səfərdən qısa müddət keçdikdən sonra belə bir xəbər dolaşmağa başladı: Paşinyan gedəndən sonra Qərb Ermənistandakı vəziyyəti idarə edə bilsə, baş nazir postunu ona həvalə etməyə hazırlaşır. Qriqoryan qərböyünümlü, həmçinin Soros Fondunun maliyyələşdirdiyi strukturların əməkdaşı kimi reputasiyaya malikdir.

Rusiya əleyhinə fəaliyyət

Təsadüfi deyil ki, Qriqoryan erməni siyasi elitasında Rusiya əleyhinə ən sərt fikirlər səsləndirən fiqurlardan biri kimi də tanınır. O, Azərbaycan-Ermənistan danışıqlarında Kremlin vasitəçiliyinin qəti əleyhinədir və təmsil etdiyi dövlətin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlığını istəmir. Sırf bu səbəbdən də bir neçə dəfə hərbi alyansın iclaslarında iştirakdan boyun qaçırıb. Eyni zamanda, TŞ katibi müsahibələrində bir neçə dəfə Rusiyanın yeni silah alışı üçün partnyor kimi nəzərdən keçirilmədiyini bildirib. Məhz ötən il Moskva və İrəvan arasında silahla bağlı yeni müqavilənin imzalanması barədə xəbərlər tirajlananda Armen bildirib ki, söhbət yeni müqavilədən yox, əvvəl imzalanmış sazişin icrasından gedir.

2023-cü ilin 8 noyabr tarixində Moskvada MDB-yə üzv dövlətlərin TŞ katiblərinin sayca 11-ci iclası keçirilsə də, Qriqoryan bu tədbirdə iştirak etmədi. Rusiyanın paytaxtında baş tutan iclasda Ermənistanı səfir Vaqarşak Arutyunyan təmsil etdi. Eyni gündə isə erməni katib İrəvanda ABŞ dövlət katibinin nümayəndəsi Luis Bononu qəbul etdi. 10 noyabr tarixində isə “Ermənistanın strateji gələcəyi: Ermənistan Respublikası-Avropa” adlı forumda iştirak etmək üçün Brüsselə səfər etdi. Baş verən görüş və səfərin Rusiyadakı tədbirlə eyni vaxtda keçirilməsi təsadüf deyil və təbii ki, TŞ katibinin Kremlə mesajıdır. Armen Qriqoryan açıq-aşkar Qərbi daha üstün tutduğunu, rəsmi Moskvanın keçirdiyi heç bir iclası ciddiyə almadığını hərəkətləri ilə bir daha sübut edib.

Yuxarıda sadalananlardan da məlumdur ki, Armen Qriqoryanın Soros vasitəsilə TŞ katibi postuna təyin etdirilməsi təsadüfi deyil. Hər zaman olduğu kimi, Qərb öz məkrli planlarını regionda qulbeçələri ilə həyata keçirmə yoluna davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan da sorosçu olsa da, belə çıxır ki, Qərb diplomatiyası mümkün ehtimallara qarşı “B planı”nı hazırlayıb və lazımi anda düyməyə basaraq istifadə etməyi planlaşdırır. Görünür, son dövrlər hökumət başçısının bir sıra addımları ağaları tərəfindən bəyənilməyib və bu səbəbdən də Qriqoryanla bağlı planın mətbuata sızmasına imkan yaradıblar. Hələlik bu xəbər sızmasını Nikola xəbərdarlıq kimi qəbul etmək olar. Ehtimal edilir ki, Qərbin növbəti addımları daha amansız və radikal ola və İrəvanda bir göz qırpımında hakimiyyət dəyişikliyi baş tuta bilər. Bu isə erməni dövləti üçün növbəti zərbə, sütunlarının sarsılması ilə nəticələnə bilər. Hər zaman olduğu kimi isə bu, Qərbdə heç kəsin vecinə deyil. Onlar üçün vacib olan planın baş tutması və işləməsidir.

Kamil Məmmədov

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir