“Azərbaycan artıq Ermənistanla dialoqda böyük uğurlar əldə edib”

Bakı ilə İrəvan arasında üçüncü tərəflərin iştirakı olmadan birbaşa danışıqlar və əldə olunan razılaşmalar faktını müsbət qiymətləndirmək olar, çünki istənilən vasitəçi yalnız öz maraqlarını qoruyacaq.

Feso.az xəbər verir ki, bunu “Report”a açıqlamasında serbiyalı politoloq Stefan Antiç bildirib.

“Hər iki tərəfin bir-biri ilə vasitəçilərlə deyil, birbaşa danışıqlar aparması alqışlanılmalıdır, çünki Azərbaycan və erməni xalqlarının mənafelərini öz liderlərindən daha yaxşı heç bir üçüncü tərəf qoruya bilməz”, – o vurğulayıb.

Onun sözlərinə görə, bu yaxınlarda hərbi personalın mübadiləsi və bir sıra beynəlxalq qurumlarda bir-birinə dəstək verilməsi kimi addımlar həqiqətən də çox müsbət hadisələrdir və bunlar tərəflər arasında razılığın əldə olunacağına dair ümid yaradır.

Politoloq qeyd edib ki, hazırda hər iki tərəf beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam nəzarət edir: “Odur ki, əminliklə söyləyə bilərik ki, sülh sazişinin imzalanması yolunda əsas maneələr aradan qaldırılıb”.

S.Antiçin fikrincə, Azərbaycan artıq Ermənistanla qarşılıqlı anlaşma axtarışında irəliləyiş əldə edib, lakin sülh sazişinin imzalanmasına yaxınlaşdıqca Cənubi Qafqaz regionuna təsir imkanlarını genişləndirməyə çalışan xarici oyunçuların addımlarını daha diqqətlə izləmək lazımdır.

O əlavə edib ki, Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib və uzunmüddətli, dayanıqlı sülhə gətirib çıxara biləcək variantları dəyərləndirməyin nə qədər vacib olduğunu anlayır.

Ekspert söyləyib ki, Ermənistanın məğlubiyyəti onun üçün ciddi zərbə olub: “Odur ki, bu vəziyyət hakimiyyəti seçicilər arasında reytinqləri saxlamaq üçün Azərbaycanla münasibətlərdə sərt siyasət yürütməyə vadar edir. İrəvan danışıqlar prosesini ləngitməklə özü üçün daha əlverişli şərait əldə etməyə çalışır. Eyni zamanda, bəzi Qərb dövlətləri, o cümlədən Fransa öz geosiyasi maraqlarına nail olmaq və Cənubi Qafqazda mövcudluğunu gücləndirmək üçün Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə müdaxilə etməyə can atır. Amma aydındır ki, belə addımlar Ermənistana baha başa gələ bilər. Bu mənada İrəvanın sağlam düşüncəni rəhbər tutacağına ümid etməliyik”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir