Animator: “Qeyri-etik cizgi filmləri gərək ekrana çıxarılmasın”

Animasiya ilk olaraq uşaqlar üçün olduğundan qeyri-etik cizgi filmlərini ekrana çıxarmaq olmaz.

Feso.az xəbər verir ki, bu fikirləri “Report”a müsahibəsində animasiya rejissoru, kino rəssamı, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov deyib.

Animator bildirir ki, hazırda cizgi filmlərinini çox izləmir: “Artıq animasiya filmlərinə baxanda əsəbiləşirəm. İndi o qədər naxələf şeylər çəkirlər ki… Ona görə, o qədər də izləmirəm”.

O, həmişə yerli telekanallarda psixoloqun oturmağının vacib olduğunu deyib. E.Axundov hesab edir ki, onlar xarici filmləri efirə verməmişdən əvvəl baxıb, bunların Azərbaycan uşaqlarına necə təsir edəcəyini müəyyənləşdirməlidirlər: “Əgər azərbaycançılıq nöqteyi-nəzərdən bu film yaramırsa, gərək o göstərilməsin. Övladlarımız hələ uşaq yaşlarından azərbaycançılıq ruhunda tərbiyə edilməlidir. Sizi inandırım, indi uşaqlar Azərbaycan dilini o qədər də yaxşı bilmirlər, ingilis, türk və rus dilində danışırlar”.

Onun sözlərinə görə, Azərbaycanda animasiya filmləri çəkilmədiyinə görə, uşaqlar xarici istehsal olan cizgi filmlərinə baxmağa məcbur olurlar: “O vaxt senzura vardı, indi yoxdur, amma, gərək daxili senzura olsun da. Bizə milli ənənələri təbliğ edən filmlər lazımdır. Biz bu sahədə çox böyük itkilər veririk. Uşaqlar başqa mədəniyyətə qovuşurlar, Azərbaycan mədəniyyətini, dilini itirirlər. Ona görə də animasiya filmləri təsiredici qüvvədir. Tariximizi, folklorumuzu, dilimizi uşaqlara təbliğ etmək lazımdır”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir