
“Feso.az” saytının təsisçisi Elnur Fərzəliyev yazır…
Məlumdur ki, 44 günlük Vətən müharibəsi zamanı Qarabağ və ətraf rayonlarda yaşayan ermənilər həmin əraziləri tərk edərək Ermənistana qaçdılar. Onların qaçış görüntüləri bütün sosial şəbəkələrdə yayımlanırdı. Daha sonra isə Ermənistan hakimiyyəti sözügedən əraziləri tərk edən dinc əhalinin yerinə erməni xüsusi xidmət orqanlarının ailə üzvlərini, Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş erməniləri və digər bu qəbildən olanları yenidən Xankəndi, Xocalı və digər ərazilərə düşünülmüş formada yerləşdirdilər. Həmin illər pandemiya səbəbindən bütün ölkələrin hava və quru sərhədləri qapalı idi. Hava sərhədləri açılan zaman Ermənistandan Avropaya, Rusiyaya və digər xarici ölkələrə qısa vaxt ərzində on minlərlə insanlar köç etdilər. Köçüb gedən ermənilərin böyük əksəriyyəti Qarabağda yaşayan ermənilər idi ki, onlar da bu fürsətdən yararlanaraq Avropa ölkələrində qaçqın statusu alaraq yaşamağı seçdilər.
Artıq 3 ilə yaxındır ki, Qarabağda dinc əhali adı ilə yaşayan separatçı qüvvələr Azərbaycana qarşı dirəniş göstərirlər. Azərbaycan hökumətinin onların mənafelərini qoruyacaq təkliflərini rədd edərək dirəniş göstərmək dinc əhaliyə deyil, terroristlərə məxsus olan bir xüsusiyyətdir. Əgər dəqiq statistik yoxlanışın aparılması mümkün olarsa, o zaman hazırda Xankəndi və digər ərazilərdə yaşayan ermənilərin böyük əksəriyyətinin o ərazilərə 2020-ci ilin sonunda köç etdiyi bəlli olacaq.
Qeyd olunan ərazilərdə yaşayan ermənilərin höz əmlaklarını fantastik qiymətə satışa çıxarmalarının arxasında isə daha böyük planlar dayanır. Ermənilər satış saytlarına həmin ərazilərdə olan və olmayan cox sayda əmlaklar yerləşdirməklə, gələcək nəsilləri üçün bir tarix yazırlar. Yəni həmin saytlardakı elanlar silinməzsə, uzun on illiklərdən sonra həmin ərazilərdə ermənilərin yaşadığını dünyaya nümayiş etdirməyə çalışacaqlar. Bu fonda elanlar evlərin onlara məxsus olması ilə bağlı faktlar olacaq. Digər səbəb gələcəkdə Azərbaycan hökumətindən o evlərə görə fantastik məbləğdə kompensasiyalar tələb etməkdir. Onlar bu cür elanlar yerləşdirərək dünyaya göstərməyə çalışırlar ki, sanki o ərazilərdə olan əmlakların qiymətləri həqiqətən də çox bahadır. Əgər ermənilərin niyəti o əmlakları satmaqdırsa, kimə və necə satacaqlar? Xarici ölkə vətəndaşları Azərbaycan hökumətinin icazəsi olmadan o ərazilərə daxil ola bilməz və əlavə olaraq, alqı satqı prosesləri hansı formada aparıla bilər? Onların əllərində olan mövcud sənədlər Azərbaycan Konstitusiyasına uyğun olaraq etibarsız sayılır.
2020-ci ilin sonundan başlayaraq ermənilər Zəngəzur ərazisindəki əmlaklarını kütləvi surətdə satışa çıxararaq həmin ərazilərdən uzaqlaşmağa çalışırlar. Təxmini 3 ilə yaxın bir müddətdə artıq o ərazilərdəki əmlakların qiymətlərinin dəfələrlə enməsinə baxmayaraq, əksər elanlar hələ də saytlarda qalmaqdadır.
Üç ilə yaxın bir müddətdə həmin ərazilərdə aparılan irimiqqyaslı tikinti-bərpa işləri, kənd və qəsəbələrin salınması, infrastrukturların yenidən qurulması orada yaşayan ermənilərin gözləri önündə aparılır. Azərbaycanın hökumətinin orada yaşayan ermənilərə qarşı göstərdiyi humanistliyin bariz nümunəsi onlara verdiyi təkliflərdir ki, o təkliflərin içərisində vətəndaşlığın verilməsi, mülkiyyətin qorunması və digər çox böyük sərfəli şərtlər var. Təbii ki, bu cür şərtləri qəbul etməyənlərə dinc əhali demək çətin olar. Əgər orada yaşayan ermənilər özlərini dinc əhali deyil, terrorist kimi aparmaqda davam edərlərsə, o zaman Azərbaycan qanunvericiliyinə uyğun olaraq həmin ərazilərdə anti-terror əməliyyatları aparmaq Azərbaycanın konstitusion hüququ olacaq.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app