
Azərbaycançılıq ideologiyası milli dövlətçiliyini, milli tarixini sevən, dövlətinin müstəqilliyinin əbədi olmasını istəyən hər bir azərbaycanlı üçün müqəddəs məfhumdur.
Sözsüz ki, Heydər Əliyevin azərbaycançılığın yayılmasında, geniş miqyasda təbliğ edilməsində əməyi böyükdür. Təbii ki, ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi əsas vəzifə kimi qarşıda durur və bu istiqamətdə addımlar atılır. Azərbaycan tarixinin öyrənilməsi, yenidən araşdırılması, azərbaycançılıq ruhunda yazılması müasir tarix elmimiz qarşısında duran əsas vəzifələrdən biridir. Bildiyimiz kimi, Azərbaycanın ümumilli lideri Heydər Əliyev tarix elmi qarşısında yeni tələblər qoyurdu. Bu tələblər ondan ibarət idi ki, Azərbaycan dövlətinin, Azərbaycan xalqının real tarixi yazılmalıdır. Bilirik ki, Sovet illərində bizim gerçək tariximizin öyrənilməsi yasaq edilib və bizə saxta tarix öyrədilib. Bu fakt, təbii ki, hər bir azərbaycanlını, azərbaycançılıq ideologiyasına bağlı olan insanları narahat edib. Azərbaycan tarixinin yeni istiqamətdə öyrənilməsində Heydər Əliyevin verdiyi qərarların, etdiyi çıxışların, göstərdiyi yolun böyük dəyəri var. Azərbaycan tarixi bu gün yenidən öyrənilir, təbliğ edilir.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan daima mədəniyyət sahəsindəki nailiyyətləri ilə dünyada tanınır. Tarixi abidələr hər bir xalqın konkret coğrafi məkanda minilliklər, əsrlər ərzində formalaşdığını, təşəkkül tapdığını təsdiq edən yeganə mənbələrdir. Bu abidələr, keçmiş yadigarlar, xalqın milli varlığının maddi sübutları olmaqla yanaşı, gələcəyə uzanan böyük bir yolun ən mühüm bağlantısıdır.
Ona görə də bütün dünyada tarixi abidələrin mühafizəsi, gələcək nəsillərə çatdırılması hər bir ölkənin və beynəlxalq təşkilatların qarşısında duran əsas vəzifələrdəndir. Təsadüfi deyil ki, UNESCO-nun Abidələrin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında aprel ayının 18-i “Beynəlxalq abidələr və tarixi yerlər” kimi qeyd olunur. Bununla əlaqədar dünyanın demək olar ki, bütün ölkələrində tarixi abidələrlə, onların mühafizəsi və turizm məqsədi ilə istifadəsi istiqamətində geniş tədbirlər həyata keçirilir.
Xalqımızın əvəzsiz milli sərvəti olan tarixi-memarlıq abidələri eləcə də milli- mənəvi irs nümunələrinin bu günümüzə qədər gəlib çıxmasında bir çox dövlət xadimləri və ziyalıların, vətənpərvər insanların özünəməxsus əməyi olmuşdur. Tarix və mədəniyyət abidələrini xalqımızın milli sərvəti hesab edən ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə tarixi-mədəni irsimizin qorunub saxlanılması üçün böyük işlər görmüş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu Öndərin müəllifi olduğu 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququnun olması, hər kəsin tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşması, ona qayğı göstərməsi, tarix və mədəniyyət abidələrini qoruması ilə bağlı müddəalar öz əksini tapmışdır. Bundan əlavə 1998-ci ildə qəbul edilən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda abidələrin qorunmasının dövlət təminatı, onların əhəmiyyət dərəcələri, tədqiqi və mühafizəsi ilə bağlı müddəalar təsbit olunmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın tarix və mədəniyyət abidlərinin tanınması, qorunması, bərpası sahəsində ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.
Cənab Prezidentin milli-mənəvi dəyərlərimizə, bütövlükdə mədəniyyətimizə göstərdiyi qayğı müstəqil Azərbaycanımızın dünyada tanıdılmasında və xalqımızın mədəni həyatında əsaslı yüksəlişə səbəb olmuşdur. Qədim tariximizin və mədəni irsimizin təbliği baxımından böyük əhəmiyyət kəsb edən tarixi abidələrə dövlət tərəfindən dəyər verilmiş, onların qorunub saxlanılması məqsədi ilə müvafiq dövlət qurumları yaradılmışdır. Məhz ölkə rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülmüş, İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş, Qobustandakı muzey Avropanın ən yaxşı muzeyləri sırasında olmuşdur.
Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində Birinci vitse- prezident Mehriban xanım Əliyeva tərəfindən böyük işlər davam etdirilir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti və doğma vətənimiz üçün etdiyi mühüm tarixi xidmətlərinin bir hissəsi də , Şabran tarixi abidələrinin, eləcə də Azərbaycan ərazisindəki maddi-mənəvi, tarixi-memarlıq abidələrinin qorunması və tanıdılması məqsədi ilə mühüm ümumbəşəri fəaliyyəti danılmaz faktordur.
Ümummilli lider Heydər Əliyev mədəni irsin qorunub saxlanmasına, bərpasına, təbliğinə böyük önəm verirdi. Müdrik dövlət başçısı milli şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin aşılanmasında, vətənpərvər nəsillərin yetişdirilməsində tarixi keçmişin, maddi-mədəniyyət abidələrinin tərbiyəvi rolunu yüksək qiymətləndirir və vacib amil hesab edirdi.
Son illər tarix və mədəniyyət abidələrinin qorunması, mühafizəsi, bərpası sahəsində aparılan uğurlu siyasi addımlardan biri kimi Vətən müharibəsində Böyük Qələbə nəticəsində azad edilmiş doğma torpaqlarımızda, o cümlədən Şuşa şəhərində əvvəlki tarix mədəniyyət abidələrinin, mədəni-tarixi irsin bərpa edilməsi, yenidən qurulması olmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.
“Çıraqqala-Şaban” Dövlət Tarix –Mədəniyyət Qoruğunun ekskursiyaçısı Aysel Meylaverdiyeva
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app